Böyük Dəlilər

Böyük Dəlilər – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 24 km şimal-qərbdə, Gərni çayından axan arxın yanında, dəniz səviyyəsindən 835 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Dəlilər” formasında, Qafqazın beşverstlik xəritəsində “Böyük Dəlilər” kimi qeydə alınmışdır. Erməni müəlliflərinin əsərlərində “Dəlilər kəndi” kimi qeyd edilir. Erməni ədəbiyyatındakəndin 1831-ci ildə salındığı qeyd olunur. Əslində, tarixi həqiqət saxtalaşdırılmışdır. Çünki 1728-ci ildə tərtb edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə Karni nahiyəsinə daxil olan kəndlərin tərkibində Dəlilər kəndinin adı göstərilir və illik gəliri 20.000 ağçadan ibarət olmuşdur.

Burada tarixən yalnız azərbaycanlılar yaşamışlar. Kəndə ermənilər 1828–1829-cu illərdə İranın Xoy vilayətindən köçürülüb yerləşdirilmişlər. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 46 nəfər, 1873-cü ildə 115 nəfər, 1886-cı ildə 124 nəfər, 1897-ci ildə isə 134 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin soyqırımına məruz qalaraq kənddən deportasiya olunmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kəndə az sayda azərbaycanlı qayıda bilmişdir. Burada 1922-ci ildə 5 nəfər, 1926-cı ildə 4 nəfər, 1931-ci ildə 4 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin 30-cu illərin ortalarında kənddə olan azərbaycanlılar Ermənistan dövlətinin göstərişi ilə tamamilə qovulmuşlar. Hazırda burada yalnız ermənilər yaşayırlar.

Toponim qədim türk tayfası “tele” (→dəli) etnoniminə cəmlik bildirən “-lər” şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Toponimdəki “böyük” sözü fərqləndirici əlamət bildirir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Dalar” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°58′ şm. e., 44°32′ ş. u.