Böyük Ayrım

Böyük Ayrım – keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sonralar keçmiş Allahverdi (Tumanyan) rayonunda, hazırda isə Lori vilayətində kənd. Vilayət mərkəzi Böyük Qarakilsə (Vanadzor) şəhərindən 69 km cənub-şərqdə, İrəvan–Tiflis dəmiryol xəttinin sol tərəfində, dəniz səviyyəsindən 690 m hündürlükdə yerləşir.

Kənddə 1886-cı ildə 171 nəfər, 1897-ci ildə 223 nəfər, 1908-ci ildə 390 nəfər, 1914-cü ildə 381 nəfər azərbaycanlı yaşamışdır. 1918–1920-ci illərdə azərbaycanlılar erməni bolşevik birləşmələri tərəfindən qovulmuşlar. Yalnız indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər. Burada 1922-ci ildə 454 nəfər, 1926-cı ildə 282 nəfər, 1931-ci ildə 391, 1939-cu ildə 530 nəfər, 1959-cu ildə 550 nəfər, 1970-ci ildə 815 nəfər yalnız azərbaycanlı yaşamışdır. Müxtəlif illərə (1873, 1886, 1908, 1897, 1922, 1926, 1931) dair əhalinin siyahıyaalınması statistikalarında göstərilir ki, kənddə yalnız azərbaycanlılar yaşamışdır. Lakin bu tarixi fakt saxtalaşdırılaraq “Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti”ndə həmin illərdə kənddə yaşayan azərbaycanlılar erməni əhalisi kimi göstərilir. 1950-ci ildə kənd Şnoğ meyvəçilik sovxozu ilə birləşdirilmişdir. 1988-ci ilin noyabr ayında kənddə yaşayan azərbaycanlılar Ermənistan dövləti tərəfindən qovulmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən “böyük” sözü ilə oğuzların “eymur” (eymir, imir) tayfa adının fonetik variantı olan “ayrım” etnonimi əsasında əmələ gəlmişdir. M.Vəlili (Baharlı) ayrım tayfasını səlcuqların bir qolu hesab edir.

Hazırda kənd “Mets Ayrum” adlanır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°10′ şm. e., 44°49′ ş. u.