Böyük Armudlu

Böyük Armudlu – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Qurduqulu (Hoktemberyan) rayonunda, hazırda isə Armavir vilayətində kənd. Vilayət mərkəzi Sərdarabad (Armavir) şəhərindən 11 km cənub-şərqdə, dəniz səviyyəsindən 855 m hündürlükdə yerləşir.

Burada ermənilərdən başqa 1831-ci ildə 129 nəfər, 1922-ci ildə isə 52 nəfər azərbaycanlı yaşamışdır. 1930-cu ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən kənddən çıxarılmışdır. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim “armud” sözünə “-lu” şəkilçisinin artırılması ilə əmələ gəlib “armud olan yer” mənasını bildirir. Toponim əvvəlindəki “böyük” sözü fərqləndirici əlamət bildirir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 aprel 1946-cı il tarixli fərmanı ilə adı dəyişdirilərək “Tandzut” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°04′ şm. e., 44°04′ ş. u.