Boğutlu

Boğutlu – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Talin (Talın) rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 63 km qərbdə, dəniz səviyyəsindən 1200 m hündürlükdə yerləşir. “Zaqafqaziya ərazisinin əhalisi haqqında statik məlumatlar toplusu”nda (“Свод статических данных о населении Закавказского края”) “Buqıtı”, Qafqazın beşverstlik xəritəsində “Buğutlu” kimi qeydə alınmışdır.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Kəndə ermənilər Türkiyənin Qars vilayətindən köçürülüb yerləşdirilmişlər.

Toponim türk dilində “dağ maralı” mənasında işlənən buğut sözünə “-lu” şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 31 iyul 1950-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Arteni” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°17′ şm. e., 43°45′ ş. u.