Bitticə

Bitticə – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 20 km şimal-şərqdə, dəniz səviyyəsindən 1100 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1897-ci ildə 246 nəfər, 1914-cü ildə 198 nəfər, 1916-cı ildə isə 195 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq kənddən deportasiya olunmuş və kəndə xaricdən köçürülüb gətirilən ermənilər yerləşdirilmişlər. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdilər. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 73 nəfər, 1926-cı ildə 60 nəfər, 1931-ci ildə 85 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən azərbaycanlılar 1948–1950-ci illərdə tarixi-etnik torpaqlarından çıxarılaraq Azərbaycana köçürülmüşlər. Hazırda burada yalnız ermənilər yaşayırlar.

Toponim türk mənşəli “bitli” etnoniminə “-cə” şəkilçisinin artırılması yolu ilə düzəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20 avqust 1954-cü il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Bartsraşen” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°05′ şm. e., 44°34′ ş. u.