Bığlı Hüseyn Saraclı – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Yelenovka (Sevan) rayonunda, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş kənd. Kəndin adı erməni mənbələrində “Beqli Hüseyn”, “Bexlu” formalarında da göstərilir. Kənd Kəvər yaşayış məntəqəsindən 22 km şimal-qərbində, Göyçə gölünün şimal-qərbində yerləşirdi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. 1930-cu ildə keçmiş Axta (Hrazdan) rayonunun ərazisinə daxil olmuşdur.
Kənddə 1831-ci ildə 26 nəfər, 1873-cü ildə 356 nəfər, 1886-cı ildə 505 nəfər, 1897-ci ildə 645 nəfər, 1908-ci ildə 658 nəfər, 1914-cü ildə 846 nəfər, 1916-cı ildə 768 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlara məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra kəndin sağ qalan sakinləri geri dönmüşdülər. 1922-ci ildə burada 53 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1923–1925-ci illərdə onlar kənddən sıxışdırılaraq çıxarılmış və kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Toponim Bığlı Hüseyn antroponimi ilə qazax tayfalarından biri olan “saraclı” etnonimi əsasında əmələ gəlib “Saraclı tayfasından olan Bığlı Hüseynə mənsub kənd” mənasını bildirir.