Bazarçay

Bazarçay – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qarakilsə (Sisian) rayonunda, hazırda isə Sünik vilayəti ərazisində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 131 km şimal-qəbdə, Bazarçayın yuxarı axarında, düzənlikdə, dəniz səviyyəsindən 2100 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1886-cı ildə 469 nəfər, 1897-ci ildə 631 nəfər, 1908-ci ildə 635 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildən sonra xaricdən köçürülüb gətirilən ermənilər bu kənddə yerləşdirilmiş, azərbaycanlılar isə deportasiya olunmuşlar. 1926-cı ildə burada ermənilərdən başqa 3 nəfər azərbaycanlı da yaşamış, lakin onlar da 1929-cu ildə qovulmuşlar. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim “bazar” türk tayfasının adı ilə “çay” sözünün birləşməsindən əmələ gəlmişdir.

1991-ci ildən sonra kəndin adı dəyişdirilərək “Qorayk” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°40′ şm. e., 45°48′ ş. u.