Bayraməli Qışlağı

Bayraməli Qışlağı – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Əştərək (Aştarak) rayonunda, hazırkı Araqatsotn vilayəti ərazisində mövcud olmuş kənd. Alagöz dağının cənubunda yerləşirdi. Erməni mənbələrində Bayraməli, “Bayraməli kəndi” formasında da qeyd edilir.

Kənddə 1873-cü ildə 53 nəfər, 1886-cı ildə 87 nəfər, 1897-ci ildə 132 nəfər, 1908-ci ildə 82 nəfər, 1916-cı ildə 100 nəfər yalnız azərbaycanlı və müsəlman kürd yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlara məruz qoyulmaqla kənddən qovulmuşlar. 1920-ci illərin sonunda kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim Bayraməli şəxs adı ilə “yaşayış məntəqəsi, kənd” mənasında işlənən “qışlaq”sözünün birləşməsindən əmələ gəlmişdir.