Bayburd

Bayburd – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Qəmərlidən 24 km cənub-şərqdə, Azad çayının Milli qolununun sahilində yerləşirdi. “İrəvan əyalətinin icmal dəftəri”ndə qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 96 nəfər, 1873-cü ildə 143 nəfər, 1886-cı ildə 183 nəfər, 1897-ci ildə 224 nəfər, 1904-cü ildə 201 nəfər, 1914-cü ildə 284 nəfər, 1916-cı ildə isə 465 nəfər azərbaycanlılar yaşamışlar. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna məruz qalmış və kənddən qovulmuşlar. 1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdilər. 1922-ci ildə burada 55, 1926-cı ildə 49, 1931-ci ildə 140, 1959-cu ildə 151, 1979-cu ildə isə 150 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən azərbaycanlıların əksəriyyəti 1948–1949-cu illərdə tarixi-etnik torpaqlarından Azərbaycana deportasiya edilmişlər. 1988-ci ildə kənddə yaşayan azərbaycanlılar tarixi-etnik torpaqlarından tamamilə qovulmuşlar. Hazırda xarabalıqdır.

Toponim oğuz soyundan olan “bayburt” etnonimi əsasında əmələ gəlmişdir.