Bayandur

Bayandur – keçmiş İrəvan quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Gorus rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 87 km şimalda, dəniz səviyyəsindən 1550 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Erməni müəlliflərinin əsərlərində kəndin adı həm də “I Bayandur”, “II Bayandur” formalarında qeyd edilir.

Kənddə 1831-ci ildə 101 nəfər, 1873-cü ildə 514 nəfər, 1886-cı ildə 869 nəfər, 1897-ci ildə 363 nəfər, 1904-cü ildə 830 nəfər, 1914-cü ildə 409 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1916-cı ildə kənd erməni təcavüzünə məruz qalmış və azərbaycanlılar tamamilə tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar. Kəndə xaricdən köçürülüb gətirilən ermənilər yerləşdirilmişlər. 1918-ci ildən burada ermənilər yaşayırlar.

Toponim “bayandur” türk etnonimi əsasında əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7 may 1969-cu il tarixli fərmanı ilə adı dəyişdirilərək “Vağatur” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°36′ şm. e., 46°22′ ş. u.