Bayandur

Bayandur – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Düzkənd (Axuryan) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 16 km cənub-qərbdə, dəniz səviyyəsindən 1480 m hündürlükdə yerləşir. 1937-ci ilədək keçmiş Gümrü (Leninakan) rayonunun tərkibində olmuşdur. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Bayandırlı” formasında qeydə alınmışdır.

1828-ci ilə kimi burada azərbaycanlılar yaşamışdır. Ermənilər bura 1828–1830-cu illərdə Qars, Muş və Ərzurumdan köçürülüb yerləşdirilmişdir. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim bayandur qədim türk tayfasının adı əsasında əmələ gəlib “bayandur tayfasının yaşadığı kənd” mənasını bildirir.

“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.