Başkənd

Başkənd – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qarakilsə (Sisian) rayonunda kənd. Qafan şəhərindən 118 km şimal-qərbdə, dəniz səviyyəsindən 1760 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir.

1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra 1828-1829-cu illərdə İranın Xoy və Səlmas vilayətlərindən ermənilər köçürülərək bu kənddə yerləşdirilmişdir.

Toponim Azərbaycan dilində “əsas, yuxarı” mənasında işlənən “baş” sözü ilə “kənd” coğrafi nomeninin birləşməsindən əmələ gəlmişdir.

Kəndin adı əvvəlcə dəyişdirilib “Məzrə”, sonra Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10 sentyabr 1946-cı il tarixli fərmanı ilə dəyişdirilib “Bartsravan”, Ermənistan Respublikasının prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilərək “Mutsk” qoyulmuşdur. 7 noyabr 1995-ci il tarixli Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında yeni qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°31′ şm. e., 45°54′ ş. u.