Başkənd

Başkənd – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Kəvər (Yeni Bəyazid, Kamo) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 8 km cənubda, Kəvər çayının yanında, dəniz səviyyəsindən 2075 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kəndin ilk adı Göyçə Başkəndi olmuşdur. Yəni Göyçə mahalında yerləşən Başkənd. Sonradan “Göyçə” sözü atılmış, kənd “Başkənd” adlandırılmışdır.

Ermənilər bura 1828–1829-cu, 1914–1919-cu illərdə Türkiyənin Ələşkirt və Muş vilayətlərindən köçürülmüşdür. Kənddə 1873-cü ildə 191 nəfər azərbaycanlı, 272 erməni, 1886-cı ildə 243 nəfər azərbaycanlı, 385 erməni, 1897-ci ildə 357 nəfər azərbaycanlı, 440 erməni, 1914-cü ildə 410 nəfər azərbaycanlı, 704 nəfər erməni yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. 1920-ci ildə indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönmüşdür. Burada 1922-ci ildə 96 nəfər azərbaycanlı, 763 erməni, 1926-cı ildə 112 nəfər azərbaycanlı, 928 erməni, 1931-ci ildə 194 nəfər azərbaycanlı, 1156 erməni yaşamışdır. Azərbaycanlılar 1930-cu illərin sonunda Ermənistan SSR-in Qarabağlar rayonuna, Qarabağlar rayonu ləğv edildikdən sonra SSRİ Nazirlər Sovetini qərarı ilə tarixi-etnik torpaqlarından çıxarılaraq 1948–1950-ci illərdə Azərbaycana köçürülmüşlər. Hazırda burada yalnız erməni əhalisi məskunlaşmışdır.

Toponim Azərbaycan dilində “böyük”, “əsas”, “yuxarı” mənasında işlənən “baş” sözü ilə “kənd” sözünün birləşməsindən əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 aprel 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Geğarkunik” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°15′ şm. e., 45°08′ ş. u.