Başkənd – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Ellər (Kotayk, Abovyan) rayonunda, hazırda isə Kotayk vilayətində kənd. Vilayəti mərkəz Hrazdan şəhərindən 42 km cənub-qərbdə, dəniz səviyyəsindən 1450 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Başköy” formasında, Qafqazın beşverstlik xəritəsində “Başkənd” kimi qeydə alınmışdır.
1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. 1829-cu ildə İranın Səlmas və Xoy vilayətlərindən ermənilər köçürülüb burada yerləşdirilmişdir. Kənddə ermənilərlə yanaşı, 1897-ci ildə 24 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905–1906-cı illərdə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən tarixi torpaqlarından deportasiya olunmuşdur. Hazırda kənddə ermənilər yaşayırlar.
Toponim türk dilində “baş”, “çayın mənbəyi”, “dağın zirvəsi”, “yuxarı”, “əsas”, “böyük” mənalarında işlənən “baş” sözü ilə “kənd”coğrafi nomenin birləşməsindən əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 aprel 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Akunk” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°16′ şm. e., 44°01′ ş. u.