Başkənd

Başkənd – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunda, hazırda isə Vayotsdzor vilayətində kənd. Vilayət mərkəzi Keşişkənd şəhərindən 7 km şimal-şərqdə, Arpaçayın sağ axarında, Başkəndçayın sahilində, dəniz səviyyəsindən 1540 m hündürlükdə yerələşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Ermənilər kəndə 1829–1830-cu illərdə İranın Xoy və Səlmas vilayətlərindən köçürülmüşdür. Kənddə 1897-ci ildə 23 nəfər, 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır. 1928–1929-cu illərdə azərbaycanlılar kənddən köçürülmüşdür. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim Azərbaycan dilində “böyük, əsas” mənasında işlənən “baş” sözü ilə “kənd” coğrafi nomeni əsasında əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10 sentyabr 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Vernaşen” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°47′ şm. e., 45°21′ ş. u.