Basarkeçər

Basarkeçər – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 74 km cənub-şərqdə, Göyçə gölünün yaxınlığında, dəniz səviyyəsindən 1940 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə qeydə alınmışdır. 1969-cu ildən şəhər tipli qəsəbə və eyni adlı rayonun mərkəzi olmuşdur.

 Kənddə tarixən azərbaycanlılar yaşamışdır. 1831-ci il əhalinin siyahıya alınmasında burada 178 nəfər yalnız azərbaycanlının yaşadığı göstərilir. 1831-ci ildən sonra Türkiyədən köçürülən 1296 nəfər erməni burada yerləşdirilmiş, azərbaycanlılar sıxışdırılmağa başlanmışdır. 1897-ci ildə burada 85 nəfər azərbaycanlı, 2108 erməni yaşamışdır. 1918-ci ildə azərbaycanlılar qırğınlara məruz qalaraq qovulmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra bura azərbaycanlılar qayıda bilmişdilər. Erməni müəlliflərinin əsərlərində göstərilir ki, burada 1922-ci ildə 1 nəfər (2511 erməni), 1926-cı ildə 7 nəfər (3456 erməni), 1931-ci ildə 19 nəfər azərbaycanlı yaşamışdır. 1967-cı ildə 150 azərbaycanlı, 9150 erməni, 1970-ci ildə 9 nəfər azərbaycanlı, 8077 erməni yaşamışdır. 1988-ci ildə azərbaycanlılar tam surətdə zorla qovulmuşlar. Hazırda burada yalnız ermənilər yaşayırlar.

Toponim qıpçaq mənşəli “bazar//basar” etnoniminə qeyri-qəti gələcək zamanda işlənən “keçər” sözünün qoşulmasından əmələ gəlmişdir. “Bazar//basar tayfasının keçdiyi, getdiyi yer” mənasını bildirir. “…bazar sözü mürəkkəb toponimlərin tərkibində tayfa adı kimi işləndikdə toponim adının I komponenti yerində işlənir”.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 2 iyun 1969-cu il tarixli fərmanı ilə adı dəyişdirilərək “Vardenis” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmiş və bura şəhər statusu verilmişdir.

Yerləşdiyi koordinatlar: 40°10′ şm. e., 45°43′ ş. u.