Balakənd – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, sonralar keçmiş Barana (Noyemberyan) rayonunda, hazırda isə Tavuş vilayətində kənd. Vilayət mərkəzi Karvansara (İcevan) şəhərindən 50 km şimal-qərbdə, dəniz səviyyəsindən 720 m hündürlükdə yerləşir.
Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. 1930-cu ildən sonra azərbaycanlılar qovulmuş, kəndə ermənilər yerləşdirilmişdir.
Toponim “kiçik” mənasında işlənən bala və “yaşayış məntəqəsi” mənasında işlənən kənd sözlərinin birləşməsindən əmələ gəlmişdir.
Kəndin adı dəyişdirilərək “Doveğ” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 41°11′ şm. e., 45°02′ ş. u.