Bala Məzrə

Bala Məzrə – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 92 km cənub-qərbdə, Məzrə çayının yanında, dəniz səviyyəsindən 1930 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Məzrə`ə” formasında, Qafqazın beşverstlik xəritəsində “Bala Mazra” kimi qeydə alınmışdır. Kəndin bir adı da “Qulu ağalı” olmuşdur.

Kənddə 1831-ci ildə 227, 1873-cü ildə 675, 1886-cı ildə 978, 1897-ci ildə 1200, 1908-ci ildə 1658, 1914-cü ildə 1731, 1916-cı ildə 1375 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlara məruz qalaraq qovulmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılardan sağ qalanları kəndə qayıda bilmişdilər. 1922-ci ildə burada 359, 1926-cı ildə 653, 1931-ci ildə 912, 1959-cu ildə 1092 nəfər, 1970-ci ildə 1652 nəfər, 1979-cu ildə 1831 nəfər, 1987-ci ildə 2000 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının axırlarında Ermənistan dövləti tərəfindən azərbaycanlılar tarixi-etnik torpaqlarından qovulmuşdur. Hazırda kənddə ermənilər yaşayırlar. Kəndin ərazisində X–XII əsrlərə aid alban kilsəsi, IV–VII əsrlərə aid oğuz qəbiristanlığı vardır.

Toponim ərəb dilində “əkilmiş yer, sürülüb toxum səpilmiş tarla” mənasında işlənən “məzrə” (məzru) sözü əsasında formalaşmışdır. “Bala” fərqləndirici əlamət bildirən sözdür. Erməni dilinə kalka edilərək “Pokr Mazra” kimi işlədilir.

“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°15′ şm. e., 45°43′ ş. u.