Baharlı

Baharlı – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qarakilsə (Sisian) rayonunda, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Qarakilsə kəndindən şərqdə, Vağudi kəndinin yaxınlığında yerləşmişdir.

Kənddə 1831-ci ildə 9 nəfər, 1873-cü ildə 41 nəfər, 1886-cı ildə 55 nəfər, 1897-ci ildə 124 nəfər, 1908-ci ildə 171 nəfər, 1914-cü ildə isə 49 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı dəstələri tərəfindən qırğınlara məruz qoyularaq kənddən qovulmuşlar. Sonradan kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim qədim qayı türk tayfasına mənsub olan “baharlı” etnonimi əsasında əmələ gəlmişdir. Bu tayfa XVI əsrdə qızılbaşların tərkibində indiki Ermənistanın ərazisinə gəlmiş və əsasən də Zəngəzurda yaşamışlar.