Bağır bəy Rzayev

Bağır Kərbəlayı Ələsgər oğlu Rzayev (1891, İrəvan – 1927, Bakı) Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin baş katibi, Araz Türk Cümhuriyyətinin inzibati naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyası üzvü olmuşdur.

Bağır bəy Rzayev 1891-ci ildə İrəvan şəhərində anadan olmuşdur. Gimnaziyada oxumuşdur. 1911-ci ildə Moskva Universitetinin hüquq fakültəsinə daxil olmuşdur.

Aprel işğalından sonra mühacirət həyatı yaşamış daha sonra Azərbaycana geri dönmüşdür. 1927-ci ildə siyasi təzyiqlərə dözməmiş, intihar etmişdir.

Bağır Rzayev Müsəlman Sosialist Blokunun üzvü olaraq Zaqafqaziya Seyminə üzv seçilmiş, burada müsəlman fraksiyasının və Müsəlman Sosialist Bloku qrupunun üzvü olmuşdur.

27 may 1918-ci il tarixində Müsəlman Sosialist Bloku sıralarından Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü seçilmişdir.

Azərnbaycan Milli Şurasının 1918-ci il mayıan 31-də keçirilən iclasında İrəvanın yeni yaradılan Ermənistan Respublikasına paytaxt kimi güzəştə gedilməsinə etiraz edən üç deputadan biri olmuçdur.

Bağır bəy Rzayev 7 dekabr 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sıralarından birbaşa Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti üzvlüyünə qəbul olunmuşdur. Parlamentin 15 dekabr 1918 tarixli sayca 2-ci iclasında üzvlüyü səsə qoyularaq təsdiqlənmişdir. O, parlamentdə Sosialistlər fraksiyasını təmsil etmişdir.

28 yanvar 1919-cu ildə Bağır bəy Rzayev parlamentdən xaric edilir və əvəzinə İbrahim Əbilov üzv seçilir.

Bağır bəy Rzayev 15 may 1919-cu il tarixində üzvlükdən çıxan Məhəmməd Məhərrəmovun əvəzinə Sosialistlər fraksiyası tərəfindən parlament üzvlüyünə namizəd göstərilərək üzv seçilir.