Bacoğlu

Bacoğlu – Qars vilayətnin Şörəyel nahiyəsində, sanradan Aleksandropol qəzasında, sonralar keçmiş Düzkənd (Axuryan) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 7 km şimal-qərbdə, dəniz səviyyəsindən 1550 m hündürlükdə yerləşir. 1937-ci ilədək Gümrü (Leninakan) rayonunun tabeliyində olmuşdur.

Kənddə 1886-cı ildə 391, 1897-ci ildə 543 nəfər, 1904-cü ildə 600 nəfər, 1914- cü ildə 698 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi ermənilərin törətdikləri soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. Türkiyənin Ərzurum, Muş, Qars vilayətlərindən ermənilər köçürülərək burada yerləşdirilmişlər. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz evlərinə qayıda bilmişdilər. Burada ermənilərdən başqa, 1922-ci ildə 23 nəfər, 1926-cı ildə 28 nəfər azərbaycanlı yaşamışdır. 1928–1929-cu illərdə azərbaycanlılar tamamilə kənddən köçürülmüşlər. Hazırda burada yalnız ermənilər yaşayırlar.

Toponim oğuzların bozoklu tayfasının adından qalmadır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7 dekabr 1945-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Haykavan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°48′ şm. e., 43°45′ ş. u.