Babakişi

Babakişi – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Abaran rayonunda, hazırda isə Kotayk vilayətində kənd. 1972-ci ildən keçmiş Nairi rayonunun tərkibində olmuşdur. Vilayət mərkəzi Axta (Hrazdan) şəhərindən 34 km cənub-şərqdə, Zəngi çayından axan arxın yanında, dəniz səviyyəsindən 1800 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kənddə X–XIV əsrlərə aid tarixi abidələr vardır.

Kənddə 1831-ci ildə 72 nəfər, 1873-cü ildə 268 nəfər, 1886-cı ildə 435 nəfər, 1897-ci ildə 431 nəfər, 1904-cü ildə 483 nəfər, 1914-cü ildə 573 nəfər, 1916-cı ildə 471 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq yerli sakinlər – azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş və Türkiyədən köçürülüb gətirilən ermənilər yerləşdirilmişlər. Ermənilərin bura 1829-cu ildə Tiflisdən, Türkiyənin Ələşkirt, Muş, Sasun, İranın Xoy və Səlmas vilayətlərindən gəldiyi göstərilir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kənddə ermənilərlə yanaşı, 1922-ci və 1931-ci ildə 4 nəfər azərbaycanlı yaşamışdır. Onlar 1930-cu illərin ortalarında sıxışdırılıb kənddən çıxarılmışlar. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim Babakişi şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir.

Kəndin adı dəyişdirilərək “Bujakan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°27′ şm. e., 44°14′ ş. u.