Babacan

Babacan – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Kəndin əsl adı “Babacan dərəsi”dir. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 87 km şimal-şərqdə, Göyçə gölünün yaxınlığında, dəniz səviyyəsindən 1950 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Babacan azərbaycanlıların yaşadığı kənd olmuşdur. 2008-ci ildə erməni dilində çap olunmuş “Ermənistanın yaşayış məntəqələrinin lüğəti”ndə kəndə yaşayanların etnik tərkibi göstərilmədən ümumi sayı verilmişdir. Kənddə 1873-cü ildə 107, 1886-cı ildə 173, 1897-ci ildə 244, 1908-ci ildə 259, 1914-cü ildə 265, 1916-cı ildə 290, 1919-cu ildə 265 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ilin yazında kənd erməni təcavüzünə və qırğınlarına məruz qalmış, azərbaycanlı əhalisi isə deportasiya olunmuşdur. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kəndi tərk etmiş azərbaycanlılar ata-baba torpaqlarına dönə bilmişlər. Burada 1922-ci ildə 309, 1926-cı ildə 345, 1931-ci ildə 373, 1939-cu ildə 522 nəfər, 1959-cu ildə 600 nəfər, 1970-ci ildə 839 nəfər, 1979-cu ildə 1140 nəfər, 1967-cı ildə 775, 1987-ci ildə 880 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə ermənilər azərbaycanlıları doğma torpaqlarından qovmuşlar.

Toponim “Kitabi-Dədə Qorqud” dastanlarında adı çəkilən “Baybecan” adı ilə bağlı yaranmışdır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək əvvəlcə “Qızılkənd”, Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilərək “Tsapatağ” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkununk vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°25′ şm. e., 45°32′ ş. u.