Bəykənd – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Hamamlı (Spitak) rayonunda, hazırda isə Lori vilayətində kənd. Vilayət mərkəzi Böyük Qarakilsə (Vanadzor) şəhərindən 33 km şimal-qərbdə, Qaranqu çayının yanında, dəniz səviyyəsindən 1680 m hündürlükdə yerləşir. 1728-ci il Osmanlı mənbəyi olan “İrəvan əyalətinin icmal dəftəri”ndə “Bəykənd” kimi qeyd edilsə də, XIX əsr rus mənbələrində və erməni müəlliflərinin əsərlərində “Bekant” formasında qeyd edilir. “Bekant” “Bəykənd” toponiminin erməni və rus dillərində təhrif edilmiş formasıdır.
Ədirnə müqaviləsinə əsasən İrəvan xanlığının ərazisində ermənilərin köçürülüb məskunlaşdırılmasından sonra kəndin aborigen sakinləri olan azərbaycanlılar Türkiyəyə köç etmişlər. Ermənilər kəndə Türkiyənin Muş vilayətindən və İrandan köçürülüb yerləşdirilmişlər.
Toponim qədim türk dilində “təpə, yüksəklik, zirvə” mənasında işlənən “bəy” (←bək) sözü ilə “kənd” sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir.
Kəndin adı 1920-ci ildə dəyişdirilərək “Mets Parni” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°50′ şm. e., 44°06′ ş. u.