Bəykənd – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Ərtik (Artik) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Erməni müəlliflərinin əsərlərində kəndin adı Bekyand, Kiçik Bekyand kimi qeyd edilir. Vilayət mərkəzi Gümrü şəhərindən 23 km cənub-şərqdə, Alagöz dağının şimal-qərbində, dəniz səviyyəsindən 1720 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Bəykənd” kimi, Qafqazın beşverstlik xəritəsində “Kiçik Bekand” formasında qeydə alınmışdır.
Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, Ədirnə (1829) müqaviləsinə əsasən İrəvan xanlığının ərazisində ermənilərin Türkiyədən köçürülüb məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir.
Toponim qədim türk dilində “təpə, yüksəklik” mənasında işlənən “bək” (bak←bəy) sözü ilə kənd sözünün birləşməsindən əmələ gəlib “təpəlik, dağlıq yerdə yerləşən kənd” mənasını bildirir. Orotoponimdir.
1920-ci ildə adı dəyişdirilərək “Pokr Parni”, Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7 may 1969-cu il tarixli fərmanı ilə yenidən adı dəyişdirilərək “Anuşavan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°38′ şm. e., 43°58′ ş. u.