Bəydağ (Baydaq) – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayəti ərazisində mövcud olmuş kənd. Qafandan 5 km şərqdə, Oxçuçayın sol sahilində yerləşirdi.
Kənddə 1831-ci ildə 13 nəfər, 1873-cü ildə 51 nəfər, 1886-cı ildə 68 nəfər, 1897-ci ildə 118 nəfər, 1904-cü ildə 193 nəfər, 1914-cü ildə 58 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kəndi tərk edən azərbaycanlılar 1923–1924-cü illərdə doğma ocaqlarına qayıda bilmişdilər. Burada 1926-cı ildə 28 nəfər, 1931-ci ildə 32 nəfər, 1939-cu ildə 37 nəfər azərbaycanlı yaşamışdır. Ermənilər bura 1929–1930-cu illərdə köçürülmüşlər. Sonralar kəndin keçmiş sakinləri Qafan şəhərinin sakinləri kimi siyahıya alınmışdır.
Toponim Azərbaycan dilində “hündür, böyük” mənasında işlənən “bəy” (←bək) sözü ilə “dağ” sözünün birləşməsindən əmələ gəlib “hündür, böyük dağ yaxınlığında kənd” mənasını ifadə edir. Onu da əlavə edək ki, “bəy” sözü qədim türk dilində “bək”formasında “təpə” mənasında işlənmişdir. “Bəy” sözü toponimlərin əvvəlində işlənərkən “hündür, böyük”, “təpə”, sonunda işlənərkən “ağa”, “varlı adam” mənasını ifadə edir.
Kənd 1959-cu ildə Qafan şəhəri ilə birləşdirilmişdir.
Yerləşdiyi koordinatlar: 39°12′ şm. e., 46°24′ ş. u.