Bəbirli

Bəbirli – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Ağin (Ani) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Ağin (Ani) şəhərindən 36 km məsafədə, dəniz səviyyəsindən 1700 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftərin”də, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Ədirnə (1829) müqaviləsinə əsasən İrəvan xanlığının ərazisində ermənilərin köçürülüb məskunlaşdırılmasından sonra kənddə yaşayan azərbaycanlılar Türkiyəyə köç etmişlər. Ermənilər bura 1915–1920-ci illərdə Türkiyənin Muş və Bitlis vilayətlərindən köçürülüb yerləşdirilmişlər.

Toponim bəbirli türk tayfa adı əsasında formalaşmışdır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 noyabr 1947-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Bartsraşen” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°35′ şm. e., 43°44′ ş. u.