“Qərbi Azərbaycanın Loru-Pəmbək mahalının Saral kəndində anadan olmuşam. Ermənilər ilk öncə bizi məcbur edirdilər ki, Qarabağın ermənilərə aid olduğunu qəbul edək. Qəbul etmədikdə isə güc tətbiq edirdilər. Böyük Qarakilsə (Kirovakan) rayonuna gedəndə dəfələrlə avtobusların önünü kəsirdilər, əhalini incidirdilər. Qarabağın ermənilərə verilməsi barəsində imza verməyə məcbur edirdilər. Buna baxmayaraq heç bir azərbaycanlı razılıq vermədi. Neçə nəfər buna görə travma aldı. Əmim Bəşirov Xanlar da bunlardan biri idi. Travma aldıqdan sonra yaralı halda Bakıya gətirdik. 1988-ci ildə artıq kəndimizin enerjisini kəsdilər, əhalini rayona getməyə qoymadılar. Qısacası, mühasirə şəraitində yaşayırdıq. Mən Mixail Qorbaçova və 15 respublikanın birinci katiblərinə məktub yazmışdım. Zəlzələdən sonra vəziyyətimiz daha da ağırlaşmışdı. Zəlzələdə ermənilərdən ölənlər çox olduğu üçün bizə qarşı qırğın törədə bilmədilər. Kəndimizdə Həmzəçimən adlanan yerdə Məsim babanın ailəsi kənddən çıxan zaman Məsim babanın oğlunu qətlə yetirdilər. Bizim rayonun əhalisini vertolyotla Qazax rayonuna apardılar. Zəlzələ zamanı bizim kənddən vəfat edənlər də oldu. 8,5 bal gücündə olan zəlzələdə evlərimiz dağıldı. Amma yaxşı ki, zəlzələ oldu və evlərimiz ermənilərə qalmadı. Pioner məktəbinə üzv olmaq üçün Hamamlı rayonuna getmişdik. Həmin zaman Heydər Əliyevin portretinin üzərinə rəngli boya atmışdılar. Abuçanyan adlı erməniyə etiraz etdim və dərsini verdim. Buna görə məni pioner məktəbinə üzv etmədilər. Lakin həmin erməni Abuçanyana töhmət verdilər. Bizim kəndimiz bir neçə dəfə deportasiyaya məruz qalmışdır. İlk dəfə 1915-ci ildə Türkiyəyə köçürülüblər. O zaman Qərib babam bu köçdə əhaliyə başçılıq edib. Türk ordusunun qərargahı Saral kəndində Molla Paşanın ocağında qurulub. Sonuncu dəfə 1988-ci ildə etnik təmizləməyə və deportasiyaya məruz qaldıq.”