Bələk

Bələk (Balak) – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qarakilsə (Sisian) rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 116 km şimal-şərqdə, Bazarçay çayının sağ sahilində, dəniz səviyyəsindən 1680 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. 1590-cı il tarixli “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə qeydə alınmışdır.

Ermənilər bura 1828–1829-cu illərdə İranın Xoy və Səlmas vilayətindən köçürülərək yerləşdirilmiş və erməni silahlıları tərəfindən azərbaycanlılar tarixi torpaqlarından qovulmuşlar.

Toponim qədim türk dilində təpə mənasında işlənən “bələk” sözündən əmələ gəlmişdir.

Hazırda rəsmi sənədlərdə “Balak” kimi qeyd edilir. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°32′ şm. e., 45°56′ ş. u.