Azadek

Azadek (Azadyer) – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunda, hazırda isə Vayotsdzor vilayətində kənd. Vilayət mərkəzi Keşişkənd (Yeğeqnadzor) şəhərindən 24 km şimal-qərbdə, Arpaçayının sağ sahilində, dəniz səviyyəsindən 1625 m hündürlükdə yerləşir. Kəndin adı erməni müəlliflərinin əsərlərində “Azatak”, “Azader”, “Azad”, “Azadak” formalarında da qeyd edilir. Kəndin ilkin adı “Azatak” olmuşdur.

Burada 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. 1828–1829-cu illərdə ermənilər buraya İranın Xoy və Səlmas vilayətlərindən köçürülüb yerləşdirilmişdir. Kənddə İrandan 1831-ci ildə köçürülmüş 33, 1842-ci ildə İranın Səlmas vilayətindən köçürülmüş 37 erməni ailəsi yaşamışdır. Kənddə ermənilərlə yanaşı 1897-ci ildə 20 nəfər, 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır. 1930-cu ildən burada yalnız ermənilər yaşayırlar.

Kəndin adının yaranması ilə bağlı erməni müəlliflərinin əsərlərində göstərilir ki, bura gələn ermənilər “azader” (azad idi) deyərək kəndi “Azadeğ” adlarıdırmışlar. Bu, elmi həqiqətə uyğun deyil. Yaşayış məntəqəsinin adı qədim türk dillərində “kiçik, kiçildilmiş” mənalarında işlənənən “aza” sözü ilə qədim türk dilində işlənən “dağ” sözünün fonetik variantı kimi işlənən “tak//dak” sözündən əmələ gəlib “kiçik dağ yanında salınmış kənd” mənasını ifadə edir.

“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°39′ şm. e., 45°26′ ş. u.