22 aprel 2022
Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında biz beynəlxalq ictimaiyyəti mütləq məlumatlandırmalıyıq. XIX əsrdə, XX əsrin əvvəllərində ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi. 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi, bu da tarixi faktdır. Ondan iki il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı Ermənistana bağışlaması, bu da sənədlərlə təsdiq olunan faktdır. 1921-ci ildə sovet hakimiyyəti tərəfindən bizə qarşı növbəti təxribat hazırlanırdı. Zəngəzur 1920-ci ilin noyabrında bizdən qoparıldı, bir il sonra Qafqaz Bürosu Qarabağı da bizdən qoparmaq istəyirdi. Ancaq alınmadı və qərar qəbul olundu ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Amma buna baxmayaraq, ilyarım keçəndən sonra – 1923-cü il iyulun 7-də Azərbaycan ərazisində tamamilə əsassız, süni bir qurum yaradıldı – Dağlıq Qarabağ Muxtar Vilayəti. Bunun yaradılmasının heç bir əsası yox idi. O vaxt indiki Ermənistanda yaşayan azərbaycanlıların sayı Qarabağda yaşayan ermənilərlə müqayisədə bəlkə də iki dəfə çox idi. Ancaq nədənsə, bu muxtar vilayəti orada yox, burada yaradıblar.
…Ondan sonra 1940–1950-ci illərdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası, – bu da xalqımız üçün böyük faciə və böyük ədalətsizlik idi. Azərbaycanlılar öz tarixi torpaqlarından Azərbaycanın Mil-Muğan zonasına zorla köçürülmüşdür.