Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsindən

10 yanvar 2023

Bu gün sirr deyil ki, Qərbi Azərbaycan İcması uzun illər deportasiyaya məruz qalmış İcma kimi öz hüquqlarından məhrum idi. Əlbəttə ki, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq. Mənim tövsiyələrim, yəni, dekabrın 24-də verdiyim tövsiyələr yerinə yetirilir. Xüsusi işçi qrupu yaradılıb, verdiyim bütün tapşırıqlar və eyni zamanda, yerlərdən gələn təkliflər əsasında biz vahid konsepsiya üzərində işə başlamışıq. Əlbəttə ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. Yenə də mən orada da İcmanın nümayəndələri ilə görüş zamanı demişdim ki, biz bunu sülh yolu ilə etmək istəyirik və əminəm ki, buna nail olacağıq. Çünki bu gün bizim məkanda, ümumiyyətlə, Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, necə deyərlər, bu monodövlət damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır.

Mən, eyni zamanda, İcmanın nümayəndələri ilə görüş zamanı demişdim ki, onların deportasiyadan sonra boşaltdıqları kəndlərdə demək olar həyat yoxdur. İndi videogörüntülər var, digər sənədlər var, o kəndlərə gedənlər var. Görürlər ki, orada hər şey dağıdılıb və həyat yoxdur. Ona görə onların oraya qayıtmaları onların evlərini zəbt etmiş, başqa yerlərdə – Qarabağdakı kimi zəbt etmiş ermənilərə də problem yaratmayacaq. Çünki onların oraya qayıtmaları orada yaşayan ermənilərin oradan çıxarılması demək deyil. Çünki o kəndlər boşdur və biz, əlbəttə ki, əlimizdə olan bütün imkanlardan istifadə edəcəyik. Necə ki, vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və biz istəyimizə nail olduq, eyni yanaşmanı burada da görməliyik. Əlbəttə, burada media nümayəndələrinin fəaliyyətinə böyük ehtiyac var – həm ölkə daxilində, həm xaricdə. Mən bu barədə də fikirlərimi bildirmişəm. Yəni, çox geniş proqram hazırlanır.

Bir şeyi də demək istəyirəm, bizim bütün proqramlarımız bütün sahələrdə bir qayda olaraq icra edilir. Biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik. Ona görə bu sahədə də artıq proqramın üzərində iş gedir. Əminəm ki, biz buna da nail olacağıq və tarixi ədaləti bərpa edəcəyik.