Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumundakı çıxışından

17 noyabr 2015

Ermənilər bu ərazidə XIX əsrin ortalarında məskunlaşıblar. Çar Rusiyasının XX əsrin əvvəllərinə təsadüf edən xəritələrinə baxsanız görəcəksiniz ki, Ermənistanın bugünkü ərazisinin, bütün şəhərlərinin və kəndlərinin, bütün toponimlərinin mütləq əksəriyyətinin adları öz mənşəyini Azərbaycan dilindən götürüb. Rusiya imperiyasının süqutundan sonra, 1918-ci ildə ilk Azərbaycan Demokratik Respublikası yaradılmışdır. Bu respublikanın qəbul etdiyi ilk qərarlardan biri İrəvanı Azərbaycandan Ermənistana vermək oldu. Ermənistanın bugünkü paytaxtı XX əsrin əvvəlində əhalisinin 80 faizini azərbaycanlılar təşkil edən bizim tarixi İrəvan şəhərimizdir. Bu gün bu şəhər tamamilə etnik təmizlənməyə məruz qalıb. Beləliklə, tarix və beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir və sizin də təsəvvür edə bildiyiniz kimi, bu məsələ Azərbaycan üçün, Azərbaycanın hər bir vətəndaşı üçün bir nömrəli məsələdir. Bu faciəvi hadisələrə və bu günədək davam edən işğala baxmayaraq, Azərbaycan transformasiyada böyük uğura imza ata bilmişdir.