Ayğırgöl

Ayğırgöl – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonunda, hazırda isə Armavir vilayətində kənd. Vilayət mərkəzi Sərdarabad (Armavir) şəhərindən 12 km şərqdə, Üçkilsə (Eçmiədzin, Vağarşapat) – Qurduqulu (Hoktemberyan) yolunun üstündə, Ayğırgölün yanında, dəniz səviyyəsindən 870 m hündürlükdə yerləşir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Ermənilər kənddə 1926-cı idən məskunlaşmışlar.

Kəndin adı Ayğırgölün adından götürülmüşdür.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Aknaliç” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°14′ şm. e., 44°15′ ş. u.