Ayaslı

Ayaslı – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 7 km şimal-şərqdə, Gərni çayının sahilində, dəniz səviyyəsindən 865 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən “Böyük Ayaslı” formasında, Qafqazın beşverstlik xəritəsində “Ayaslı” kimi qeydə alınmışdır. Kəndin adı erməni dilinə uyğunlaşdırılaraq “Aygestan” formasında qeyd edilir.

Kənddə tarixən yalnız azərbaycanlılar yaşamışlar. 1828–1829-cu illərdə İranın Xoy və Səlmas bölgələrindən ermənilər köçürələrək burada yerləşdirilmişlər. Erməni ədəbiyyatında kəndin 1831-ci ildə salındığı göstərilir. Erməni tədqiqatçıları tarixi həqiqəti saxtalaşdırmışlar. 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə Karni nahiyəsinə daxil olan kəndlərin siyahısında “Böyük Ayaslı kəndi” adında kənd əksini tapmışdır. İllik gəliri 28.300 ağçadan ibarət olmuşdur. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 129 nəfər, 1873-cü ildə 55 nəfər, 1886-cı ildə 55 nəfər, 1897-ci ildə 37 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşlar. Yalnız indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlıların az bir qismi tarixi torpaqlarına dönmüşdür. 1926-cı ildə burada 5 nəfər azərbaycanlı yaşamışdır. Onlar da 1929–1930-cu illərdə qovulmuşdur. Hazırda burada yalnız ermənilər yaşayırlar.

Toponim “ayaslı” etnonimi əsasında əmələ gəlmişdir.

1918-ci ildə kəndin adı dəyişdirilərək “Aygestan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°01′ şm. e., 44°33′ ş. u.