Axund Məmmədbağır Qazızadə

Axund Məmmədbağır Qazızadə İrəvan şəhərinin şeyxülislamı və qazısı Hacı Mehdinin ailəsində anadan olmuşdur. İlk təhsilini atasından alan Məmmədbağır daha sonra mədrəsədə və qəza məktəbində oxumuş, həm dini, həm də dünyəvi elmləri mənimsəmişdir. Nəcəfdə ali dini təhsil almış, 11 il mötəbər elmi-dini mərkəzdə öz biliyini təkmilləşdirib müxtəlif islam elmlərini öyrənmişdir. O həm dini elmləri, həm də dünyəvi elmləri (xüsusilə riyaziyyat elmini) dərindən mənimsəmişdir.

Təhsilini başa vurduqdan sonra İrəvana qayıdan Məmmədbağır Qazızadə Cənubi Qafqaz Ruhani İdarəsində imtahan verərək axund rütbəsi almışdır. 1873-cü ildə İrəvan quberniya Ruhani Məclisinə üzv seçilmişdir. 28 fevral 1883-cü ildə Cənubi Qafqaz Şiə Ruhani İdarəsinin əmri ilə İrəvan quberniya Ruhani Məclisinin sədri və qazisi təyin edilmişdir.

Axund Məmmədbağır Qazızadə 1881–1910-cu illərdə İrəvan Müəllimlər Seminariyasında pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1881–1898-ci illərdə seminariyada həm ilahiyyat, həm də Azərbaycan dili, 1898–1910-cu illərdə isə ilahiyyat müəllimi kimi fəaliyyət göstərmişdir.

Məhəmmədbağır Qazızadə 1899-cu ildə İrəvanda rus-azərbaycanlı məktəbinin açılmasında xüsusi təşəbbüs göstərmişdir. 1902-ci ildə İrəvanda öz evində rus-azərbaycanlı qız məktəbini açmışdır.

İrəvanın ictimai-siyasi, dini-mədəni və pedaqoji həyatında mühüm rol oynayan Axund Məmmədbağır Qazızadə 1911-ci ildə Tiflisdə nəşr edilən “Ana dili” (“Kultura” nəşriyyatı) kitabının müəlliflərindən biri olmuşdur.

Məhəmmədbağır Qazızadə səmərəli pedaqoji və ictimai fəaliyyətinə görə 1882-ci ildə gümüş medalla, 1898-ci ildə “Müqəddəs Anna” ordeni ilə təltif edilmişdir.

Axund Məmmədbağır Qazızadə 1911-ci ildə İrəvanda vəfat etmişdir.

Mənbə:
Fərrux Rüstəmov. İrəvan Müəllimlər Seminariyası və onun məzunları. Bakı: Elm və təhsil, 2022