Axund Buzovand – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 6 km şimal-şərqdə, Gərni çayı sahilində, dəniz səviyyəsindən 860 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində “Buzovand” kimi qeydə alınmışdır. Erməni ədəbiyyatında kəndin 1831-ci ildə salındığı qeyd edilir. 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə Gərni nahiyəsinin daxil olan kəndlərdən biri kimi Buzovand kəndinin adı da əksini tapmışdır. Kəndin gəliri 11.500 ağçadan ibarət olmuşdur.
Kənddə 1831-ci ildə 137 nəfər, 1873-cü ildə 210 nəfər, 1886-cı ildə 254 nəfər, 1897-ci ildə 341 nəfər, 1904-cı ildə 322 nəfər, 1914-cü ildə 385 nəfər, 1916-cı ildə isə 299 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuşlar. İranın Xoy və Səlmas bölgələrindən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişlər. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra 1922-ci ildən sonra azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişdir. Burada 1926-cı ildə 161 nəfər azərbaycanlı, 11 erməni, 1931-ci ildə 195 nəfər azərbaycanlı, 19 nəfər erməni yaşamışdır. SSRİ Nazirlər Sovetin xüsusi qərarı ilə azərbaycanlılar 1948–1949-cu illərdə Azərbaycana köçürülmüşdür. Hazırda burada ermənilər yaşayırlar.
Toponim xəzər türk tayfasından olan “bozal” etnonimində öz əksini tapan “bus” (boz) etnonimi ilə türk mənşəli “abant” (avand) etnoniminin birləşməsindən əmələ gələn etnotoponimdir. Toponimin əvvəlində işlənən “axund” dini mənada işlənən sözdür.
1920-ci ildə kəndin adı dəyişdirilərək “Bzovand”, sonra Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli qərarı ilə yenidə adı dəyişdirilərək “Berdik” qoyulmuşdur.
Yerləşdiyi koordinatlar: 40°00′ şm. e., 44°34′ ş. u.