Axtaxana

Axtaxana – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayətində kənd. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Vilayət mərkəzi Qafan şəhərindən 22 km şimal-qərbdə, dəniz səviyyəsindən 1150 m hündürlükdə yerləşir.

Kənddə ermənilərin məskunlaşdırılmasından sonra kəndin azərbaycanlı əhalisi tədricən yer-yurdlarını tərk etmişdir.

Toponim atçılıqla məşğul olan “axta” etnonimindən və fars dilində “yaşayış məntəqəsi, ev, kənd” mənasında işlənən “xana” sözündən əmələ gəlmişdir. Etnotoponimdir.

Kəndin adı 1918-ci ildə dəyişdirilərək “Xlatağ”, sonra Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1 iyun 1940-cı ilə fərmanı ilə adı yenidən dəyişdirilərək “Zorastan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°16′ şm. e., 46°21′ ş. u.