Axta

Axta – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunda, hazırda isə Vayotsdzor vilayətində kənd. Arpa çayının sol qolu olan Axtaçay dağ çayının sahilində, dəniz səviyyəsindən 1650 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 187 nəfər, 1873-cü ildə 290 nəfər, 1886-cı ildə 304 nəfər, 1897-ci ildə 426 nəfər, 1904-cü ildə 458 nəfər, 1914-cü ildə 504 nəfər, 1916-cı ildə 463 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuşdur. Yalnız indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalanlar ata-baba yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 129 nəfər, 1926-cı ildə 131 nəfər, 1931-ci ildə 199 nəfər, 1939-cu ildə 268 nəfər, 1959-cu ildə 202 nəfər, 1970-ci il də 379 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında kənd sakinləri- azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar. Hazırda kənddə ermənilər yaşayırlar.

Toponim padar türk tayfasından olan “axta” etnonimi əsasında əmələ gəlmişdir.

“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°38′ şm. e., 45°33′ ş. u.