Avdallar

Avdallar – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Ellər (Kotayk, Abovyan) rayonunda, hazırda isə Kotayk vilayətində kənd. Vilayət mərkəzi Ellər (Kotayk) şəhərindən 58 km cənub-qərbdə, İrəvan şəhərindən 11-12 km şimalda, dəniz səviyyəsindən 1400 m hündürlükdə yerləşir. Kəndin digər adı “Abdalar”dır.

Kənddə 1873-cü ildə 59 nəfər, 1886-cı ildə 112 nəfər, 1897-ci ildə 115 nəfər, 1904-cü ildə 131 nəfər, 1914-cü ildə 194 nəfər, 1916-cı ildə 192 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuş, 1918–1919-cu illərdə Türkiyənin Van əyalətindən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişlər. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan kənd sakinləri öz yurdlarına qayıda bilmişlər. Ermənilərlə yanaşı burada 1922-ci ildə 29 nəfər, 1926-cı ildə 7 nəfər, 1931-ci ildə 6 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən 1948-49-cu illərdə azərbaycanlılar Azərbaycana köçürülmüşdürlər. Hazırda kənddə ermənilər yaşayırlar.

Toponim abdal türk tayfasının adına cəmlik bildirən “-ar” şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. “Abdallara, abdal tayfalarına mənsub kənd” mənasını bildirir. Etnotoponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 aprel 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Hatsavan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°08′ şm. e., 44°39′ ş. u.