Avan

Avan – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Əştərək (Aştarak) rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 15 km şimal-qərbdə, Alagöz (Ələyəz) dağının ətəyində, dəniz səviyyəsindən 1680 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə qeydə alınmışdır. 1728-ci ildə tərtib edilmiş həmin dəftərdə göstərilir ki, əhalisi Qaracalar əşirətindəndir (tayfasındandır). Qaracalar türk tayfalarından biridir.

Kənddə 1831-ci ildə 104 nəfər, 1873-cü ildə 321 nəfər, 1886-cı ildə 368 nəfər, 1897-ci ildə 465 nəfər, 1908-ci ildə 300 nəfər, 1914-cü ildə 301 nəfər, 1916-cı ildə 556 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1986-cı ildə erməni dilində çap edilmiş “Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti”ndə 1831–1916-cı illərdə burada ermənilərin yaşadığı göstərilir və azərbaycanlılar ermənilər kimi verilir. 1918-ci ildə kəndin köklü sakinləri olan azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. 1916-cı illərdə bura Türkiyənin Sasun, Muş, Ərzurum, Van və Qars vilayətlərindən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir.

Toponim Urartu dilində “ölkə” mənasında işlənən “ebani” (ebani) sözü əsasında əmələ gəlmişdir.

“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°20′ şm. e., 44°10′ ş. u.