Atqız

Atqız – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Oxçuçayın sol sahilində, Oxçu kəndindən 2 km şimalda, Pirhəmzə dağının cənub-qərbində, Qafan–Gecalan avtomobil yolundan 2 km şimalda, dağ döşündə yerləşirdi. 1959-cu ildə Qacaran şəhəri ilə birləşdirilmişdir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 37 nəfər, 1873-cü ildə 105 nəfər, 1886-cı ildə 120 nəfər, 1897-ci ildə 242 nəfər, 1908-ci ildə 198 nəfər, 1914-cü ildə 36 nəfər azərbaycanlı yaşamışdır. 1916–1918-ci illərdə azərbaycanlılar deportasiya edilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişlər. Burada 1926-cı ildə 74 nəfər, 1931-ci ildə 101 nəfər azərbaycanlı yaşamışdır. 1980-ci ildə kənd ləğv edilmişdir.

Toponim oğuz türk tayfa adının fonetik forması olan “qız” etnonimi əsasında yaranmışdır.