Asnı

Asnı (Əsni) – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunda, hazırkı Ararat vilayəti ərazisində mövcud olmuş kənd. Saraybulaq dağ silsiləsinin cənubunda, Asnı dərəsində, Daşbulağın yaxınlığında yerləşirdi. Kənddə 1831-ci ildə 41, 1873-cü ildə 79, 1886-cı ildə 72, 1897-ci ildə 208, 1904-cü ildə 165, 1914-cü ildə 292, 1916-cı ildə 138 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar qırğınlara məruz qalaraq qovulmuş və kənd 1920-ci ildə ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim iki komponentdən ibarətdir. Birinci komponent türkmənşəli az//as etnonimdən, ikinci komponent mənsubluq, aidlik bildirən “-nı” şəkilçisindən ibarətdir. Sonralar bu iki komponentin (as+nı) əsasında asnı türk tayfa adı yaranmışdır. Asnı tayfasının nümayəndələri hazırda Naxçıvanın Sədərək qəsəbəsində yaşayırlar.