Aşnak

Aşnak – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Talin (Talın) rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 50 km şimal-qərbdə, Alagöz dağının cənub-qərbində, İrəvan-Talin avtomobil yolunun sol tərəfində, dəniz səviyyəsindən 1420 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kəndin adı həm də “Eşnək” formasında göstərilir. Kəndin adı ilk dəfə V əsrdə xatırlanır. Burada IV-V əsrlərə aid alban kilsəsinin qalıqları, IX–X əsrlərdə tikilən qalanın xarabalıqları indi də qalır. Qədim Aşnak kəndi indiki Aşnak kəndindən 5 km qərbdə yerləşmişdir.

Kənddə 1831-ci ildə 62 nəfər, 1873-cü ildə 363 nəfər, 1886-cı ildə 469 nəfər, 1897-ci ildə 744 nəfər, 1904-cü ildə 477 nəfər, 1914-cü ildə 507 nəfər, 1916-cı ildə 806 nəfər yalnız azərbaycanlı yaşamışdır. Kənd 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq sakinləri – azərbaycanlılar tarixi torpaqlarından deportasiya olunmuşlar. Bura 1915–1920-cı illərdə Türkiyənin Sasun vilayətinin kəndlərindən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdi. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kəndi tərk edən azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişlər. 1922-ci ildə kənddə ermənilərlə yanaşı 22 nəfər azərbaycanlı yaşamışdır. Onlar 1924–1925-ci illərdə sıxışdırılaraq kənddən qovulmuşlar. Lakin tarixi faktlar erməni müəlliflərinin əsərlərində saxtalaşdırılaraq təhrif edilir. “Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti”ndə göstərilir ki, Aşnak kəndində 1831-ci ildə 62, 1873-cü ildə 363 nəfər erməni yaşamışdır. Halbuki bu illərdə kənddə ermənilər yox, təkcə azərbaycanlılar yaşamışlar. Hazırda kənddə ermənilər yaşayırlar.

Toponim aşina//aşna türk etnoniminə cəmlik bildirən “-k” şəkilçisinin artırılması yolu ilə düzəlib “aşina tayfasının yaşadığı kənd” mənasını ifadə edir.

“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°19′ şm. e., 43°55′ ş. u.