Aşağı Xatınarx

Aşağı Xatınarx – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonunda, hazırda isə Armavir vilayətində kənd. Vilayət mərkəzi Sərdarabad (Armavir) şəhərindən 39 km cənub-şərqdə, Böyük Qarasu çayının yanında, dəniz səviyyəsindən 834 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1828–1829-cu illərə kimi yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra 1828–1829-cu illərdə bura İranın Xoy və Səlmas vilayətlərindən ermənilər köçürülüb yerləşdirilmişlər. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 208 nəfər azərbaycanlı yaşamışdır. 1870-ci illərdə azərbaycanlılar sıxışdırılaraq tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

1670–1680-cı illərdə Çuxur Səəd bəyləribəyi Səfi xanın Qarasu çayından çəkdirdiyi arxın kənarında onun arvadı Xatın kənd saldırmış və həmin kənd Xatınarx adlanmışdır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Qay” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir

Yerləşdiyi koordinatlar: 40°05′ şm. e., 44°18′ ş. u.