Aşağı Talin – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Talin (Talın) rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 48 km şimal-qərbdə, dəniz səviyyəsindən 1585 m hündürlükdə yerləşir. Kəndin digər adı “Türk Tatar Talını” olmuşdur. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1873-cü ildə 248 nəfər, 1886-cı ildə 253 nəfər, 1897-ci ildə 418 nəfər, 1908-ci ildə 376 nəfər, 1914-cü ildə 400 nəfər, 1916-cı ildə 471 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq yerli sakinləri – azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş, Türkiyədən köçürülüb gətirilən ermənilər yerləşdirilmişlər. Hazırda kənddə ermənilər və yezidi kürdləri yaşayırlar.
Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən aşağı sözü ilə türk dilində “söyüd ağacı, söyüd kolu” mənasında işlənən tal sözündən və türk dilində “daxma, koma, mağara, kaha” mənasında işlənən “in” sözündən əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Nerkin Talin” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°20′ şm. e., 43°51′ ş. u.