Aşağı Qoylasar

Aşağı Qoylasar – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Kəndin başqa adı “Sufla Qoylasar” olmuşdur. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 5 km cənub-qərbdə, Xaraba Kotanlı kəndindən 7 km cənubda, dəniz səviyyəsindən 840 m hündürlükdə yerləşir.

Burada tarixən yalnız azərbaycanlılar yaşamışlar. 1828–1830-cu illərdə kəndə İrandan ermənilər köçürülmüşlər. Burada 1831-ci ildə 5 nəfər, 1873-cü ildə 4 nəfər, 1897-ci ildə 19 nəfər azərbaycanlı yaşamışdır. XXəsrin əvvəllərində (1905–1906) azərbaycanlılar qovulmuşdur. Hazırda kənddə ermənilər yaşayırlar.

Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət funksiyasında iştirak edən “aşağı” sözü ilə “qala” və “hasar” sözlərinin təhrif edilmiş forması olan “qoylasar” sözündən əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1949-cu il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Dimitrov” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°00′ şm. e., 44°29′ ş. u.