Aşağı Qarxın – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonunda, hazırda isə Armavir vilayətində kənd. Vilayət mərkəzi Sərdarabad (Armavir) şəhərindən 39 km cənub-şərqdə, Böyük Qarasu çayının yanında, dəniz nsəviyyəsindən 825 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1831-ci ildə 318 nəfər, 1873-cı ildə 369 nəfər, 1886-cı ildə 420 nəfər, 1897-ci ildə 586 nəfər, 1904-cü ildə 568 nəfər, 1914-cü ildə 604 nəfər, 1916-cı ildə 631 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuş, kəndə 1915–1918-cı illərdə Türkiyənin Sürməli vilayətindən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar tarixi-etnik torpaqlarına qayıda bilmişlər. Burada ermənilərlə yanaşı 1922-ci ildə 169 nəfər, 1926-cı ildə 201 nəfər, 1931-ci ildə 212 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin “Ermənistan ərazisindən azərbaycanlı əhalinin Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən azərbaycanlılar 1948–1949-cu illərdə zorla tarixi-etnik torpaqlarından Azərbaycana köçürülmüşdür. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.
Toponim Azərbaycan dilində fərqləndirici əlamət bildirən “aşağı” sözü ilə oğuz tayfalarından olan qarxın (mənbələrdə qarqın, qarkın kimi qeyd edilir) etnonimi əsasında əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15 iyul 1946-cı il tarixli fərmanı ilə adı dəyişdirilərək “Araks” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°03′ şm. e., 44°18′ ş. u.