Aşağı Qaraqoymaz – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Talin (Talın) rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 40 km şimal-qərbdə, Alagöz dağının qərb tərəfində, dəniz səviyyəsindən 1800 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində “Qaraqovmaz” formasında qeydə alınmışdır.
Kənddə 1831-ci ildə 49 nəfər, 1873-cü ildə 265 nəfər, 1886-cı ildə 356 nəfər, 1897-ci ildə 233 nəfər, 1904-cü ildə 394 nəfər, 1914-cü ildə 418 nəfər, 1916-cı ildə 322 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri olan azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. 1915–1918-cı illərdə Türkiyənin Sasun, Taron, Muş və Hnıs vilayətlərindən köçürülüb gətirilən ermənilər və kürdlər burada yerləşdirilmişlər. Hazırda kənddə ermənilər yaşayırlar.
Toponim türk dilində “böyük”, “təpə”, “dağın zirvəsi”,”zirvə” mənasında işlənən qarasözündən və türk dilində kənd mənasında işlənən köy sözünün forması olan koy sözü ilə “dağın cənub yamacı”, “yüksəkliyin meşəsiz tərəfi”, “dağın gün düşən tərəfi” mənasında işlənən mes (maz) sözünün birləşməsindən əmələ gəlmişdir. “Böyük dağın, təpənin gün düşən, cənub tərəfində olan kənd” mənasını ifadə edir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12 noyabr 1946-cı il tarixli fərmanı ilə adı dəyişdirilərək “Nerkin Sasunaşen” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°21′ şm. e., 43°58′ ş. u.