Aşağı Qaraçimən – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 5 km məsafədə, dəniz səviyyəsindən 840 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir.
Kənddə 1831-ci ildə 11 nəfər, 1873-cü ildə 63 nəfər, 1886-cı ildə 225 nəfər, 1897-ci ildə 34 nəfər, 1904-cü ildə 216 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin dekabrın axırlarında ermənilər azərbaycanlıları qırğınlarla qovmuş və yalnız indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kəndin sakinləri öz yurdlarına qayıda bilmişdilər. Burada 1922-ci ildə 210 nəfər, 1926-cı ildə 154 nəfər, 1931-ci ildə 212 nəfər azərbaycanlı yaşamışdır. 1926-cı ildən sonra Yuxarı Qaraçimən ləğv edilərək Aşağı Qaraçimən kəndi ilə birləşdirilmiş və Qaraçimən kəndi yaradılmışdır. 1988-ci ilin noyabr ayında ermənilər azərbaycanlıları tamamilə qovmuşdur. Hazırda kənddə ermənilər yaşayırlar.
Toponim türk dilində “böyük, geniş” mənasında işlənən “qara” sözü ilə “yaşıllıq, otluq” mənasında işlənən “çimən” (çəmən sözünün dialekt variantı) sözünün birləşməsindən əmələ gəlib “böyük çəmənlik” mənasını bildirir.
Ermənistan Respublikasının prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Ditsmayri” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 39°12′ şm. e., 46°28′ ş. u.